Boladı kənd məscidi Lənkəran rayonunda, Boladı kəndinin Seyidoba məhəlləsində yerləşir. Bir çox mənbələrdə ibadətgahın 1920-ci illərdə tikildiyi qeyd olunur, lakin məscidin giriş qapısının yanındakı lövhədə onun XIX əsrə aid olduğu bildirilir. İbadət evi yerli sakinlərin şəxsi hesabına inşa olunub.
Məscid “Seyyidoba” və “Seyodoba” məscidi kimi də tanınır. Onun belə adlandırılması bu ərazidə “Siyo Səyd” (Qara seyid) adlı ziyarətgahın olması ilə bağlıdır. Bu haqda yazıçılar Etibar Əhədovun və İsabala Xankişiyevin “Boladı” kitabında qeyd olunur: “Bu abidənin adı məlum deyil, lakin el arasında “Siyo Səyd” (Qara seyid) adlandırılır. Bu şəxs Ərdəbil şəhərindən olmuş və 1914-cü ildə iki nəfərlə bərabər Boladı kəndinə gəlmiş, orada məskunlaşmış və orada da dəfn olunmuşdur.” Hazırda seyidin məzarı bu məscidin həyətində yerləşir.
İbadətgah düzbucaqlı formadadır. İbadət evinin iki giriş qapısı var. Məscidin tavanı düzbucaqlı formadadır və dörd taxta sütun üzərində dayanıb. İbadət evinin damı məxmər təbəqə ilə örtülüb. Məscidin damında azan vermək üçün günbəz var.
Sovet dövründə məscid taxıl anbarı kimi istifadə olunub. Lakin 1988-ci ildə yenidən məscid kimi fəaliyyətini bərpa edib.
Lənkəran rayonu Boladı kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://cenublu.az