Məscid Lənkəran rayonunun Xarxatan kəndində yerləşir. İbadət evi 1990-1995-ci illərdə yerli sakinlərin vəsaiti hesabına inşa edilib.

İbadətgah düzbucaqlı formadadır və kərpicdən tikilib. Məscidin döşəməsi kərpicdən, tavanı taxtadan, damı isə kirəmitlə işlənib. İbadət evinin tavanı dördbucaqlı formadadır və üç dəmir boru sütun üzərində dayanıb. İbadətgahın taxtadan iki giriş qapısı var və ətrafı daş plitələrlə döşənib. İbadət zalında şəbəkə ilə işlənmiş altı pəncərə qoyulub. Şəbəkə hissəsində aypara və səkkizguşəli ulduz rəmzi də qoyulub. Məscidin ön tərəfində iki pəncərə var. İbadətgah iki hissədən ibarətdir: kişilər və qadınlar şöbəsi. Məscidin damında azan vermək üçün altı pəncərəli minbər var.

Xarxatan kənd məscidinin həyətində qırmızı kərpicdən hörülmüş mərasim evi var.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.