Məscid Lənkəran rayonunun Velədi kəndində yerləşir. İbadət evi 1988-ci ildə kənd camaatının vəsaiti həsabına inşa edilib.
Məscid düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. İbadətgahın damının örtüyü qırmızı kirəmitlə işlənib. Məscidin döşəməsi kərpic, tavanı və damı taxtadandır. Tavan üç taxta sütun üzərində dayanıb. İbadət evinin iki giriş qapısı var, ön tərəfində artırmalar tikilib və onların üstü dəmir təbəqə ilə işlənib. Məscidin ibadət zalında dörd pəncərə qoyulub. İbadətgah iki hissədən ibarətdir: qadın və kişi şöbəsi. Kişilər və qadınlar şöbəsi bir-biri ilə şəbəkə arakəsmə ilə ayrılıb. Qadınlar şöbəsi ikimərtəbəlidir.
Məscidin damında azan vermək üçün dəmir materialdan ibarət dördkünc minbər var. Minbər səkkizpilləlidir, taxtadandır və şəbəkə ilə işlənib. İbadət evinin həyətində dörd nəfərlik dəstəmazxana və Hüseyniyyə binası da var.
Vaxtilə kənddə başqa kiçik bir məscid olub. Həmin məscidin tarixi XX əsrin əvvəllərinə aid olunur. Lakin o, yararsız vəziyyətdə olduğundan sökülərək yeni məscid tikilib.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.