Məscid Lənkəran rayonunun Viyən kəndində yerləşir. İbadət evi XIX əsrin sonlarında, 1883-cü ildə inşa edilib.

Məscid düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadətgahın taxtadan iki giriş qapısı və dörd pəncərəsi var. Məscidin tavanı da taxtadandır. İbadət evinin damı qırmızı kirəmitlə işlənib. Güldəstə formasında olan günbəz dördguşəlidir, hündürlüyü isə 2 metrdir. Qadınlar üçün nəzərdə tutulmuş ibadət zalı ikinci mərtəbədədir. Qadınlar şöbəsinə giriş məscidin yan tərəfindəndir. Məscidin mehrabının hər tərəfi kərpiclə işlənib.

Sovet dövründə məsciddən taxıl anbarı, sonralar mağaza anbarı kimi istifadə olunub.

1987-ci ildə kənd ağsaqqallarının təşəbbüsü ilə məscidin fəaliyyəti bərpa olunub.

2010-cu ildə məscid yerli sakinlərin vəsaiti ilə təmir olunmuşdur, damı dəyişdirilmişdir.

Lənkəran rayonu Viyən kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. http://www.mct.gov.az