Məscid Quba şəhərində, Heydər Əliyev prospekti 150-də yerləşir. İbadət evi 1840-1854-cü illərdə inşa edilib. İbadətgah Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək üçün onun həyat yoldaşı Səkinə xanım tərəfindən tikilib.
İbadət evi dördbucaq formadadır. Məscidin döşəməsi daş plitələrlə üzlənib. İbadətgahın tavanı dörd sütun üzərində dayanıb. İbadət evi doqquz pəncərəyə və iki qapıya malikdir. Giriş qapısını üstündə, üzərində ərəb yazıları olan lövhə var. Məscidin minbəri səkkizpilləlidir və qoz ağacından düzəldilib. İbadət evinin dəmirdən olan və diametri 4,5 metr təşkil edən bir günbəzi var. Günbəzin üstündə aypara rəmzi quraşdırılıb. İbadətgahın damı dəmir təbəqə ilə işlənib.
Sovet dövründə məscid tikiş fabriki kimi istifadə edilib. 1991-ci ildə ibadət evinin fəaliyyəti bərpa olunub. 1992-ci ildə məscid təmir olunub. 1993-cü ildə isə ibadətgahda köməkçi otağlar və dəstəmazxana tikilib. 1994-cü ildə məscidin nəzdində mədrəsə fəaliyyət göstərməyə başlayıb.
Səkinə Xanım məscidi ölkə əhəmiyyətli tarixi-memarlıq abidəsi sayılır.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- https://khachmaz.mctgov.az
- http://shahdagpeoples.az
- https://kataloq.gomap.az
- http://anl.az