Məscid Lənkəran rayonunun Şilavar kəndində yerləşir. İbadətgah 1989-cu ildə kənd sakinlərinin hesabına yerli ustalar tərəfindən inşa olunub.
Məscid qırmızı kərpicdən düzbucaqlı formada tikilib, damının örtüyü qırmızı kirəmitlə işlənib. İbadətgahın günbəzi dairəvi formadadır və səkkizguşəlidir. Günbəzin yuxarı hissəsində səkkiz gözlük (balaca pəncərə) qoyulub. Məscidin tavanı iki dəmir boru sütun üzərində dayanıb. İbadət zalında taxtadan iki qapı və dörd pəncərə var. Giriş qapılarının üzərində dəmirdən örtüklər quraşdırılıb, üstündə aypara və ələm fiqurları var. Pəncərələr şəbəkə ilə işlənib. Qadınlar və kişilər şöbəsi şəbəkəli arakəsmə ilə ayrılır. Qadınlar şöbəsi ikimərtəbəlidir.
Məscidin həyətyanı sahəsi hasara alınıb.
Yerli sakinlərin sözlərinə görə, məscidin hər iki tərəfində hündür minarələr olmalı idi, lakin sovet rəhbərliyin təzyiqi nəticəsində bu minarələr inşa olunmadı.
Şilavar kəndində başqa iki məscid də mövcud idi. Birinci məscidin inşa tarixi XIX əsrə aid idi. Tikili baxımsız vəziyyətdə olduğuna görə dağılmışdır. İkinci məscid 1954-cü ildə tikilmişdir, lakin sonra taxıl anbarı kimi istifadə olunmuşdur.
Lənkəran rayonu Şilavar kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.