Məscid Lənkəran rayonunun Ləj kəndində, İmadəddin Nəsimi küçəsində yerləşir. İbadət evinin inşa tarixi 1994-cü ilə aid edilir. İbadətgah yerli sakinlərin təşəbbüsü ilə inşa edilib. Məscidin bünövrəsini kənd sakini Bayram Cəfərov qoyub. İbadət evi usta Nəhmət Əhədov və Əliabbas Rəhimov tərəfindən tikilib.

Məscid düzbucaq formaya malikdir. İbadət evinin tavanı taxtadandır, damı isə şiferlə örtülüb. Məscidin inşasına yerli meşəbəylər yardımçı olub. Bu səbəbdən ibadətgahın bir çox hissəsi taxta ilə üzlənib. Buranın sol tərəfdən iki girişi var. Hər iki girişə pilləkən çəkilib və yağışdan qorunmaq üçün onların üstündə tavan tikilib. İbadət evinin ön hissəsində iki pəncərə var. Pəncərələrin üst hissəsi aypara formasındadır. İbadətgah iki hissədən ibarətdir: kişi və qadın şöbələri. Qadınların şöbəsi kişilərin şöbəsinə nisbətən kiçikdir.

Ləj kəndində ibadət evi olmayıb. Lakin 1972-ci ildə burada bir hüseyyniyyə inşa edilib. Kənd əhalisinin sayının artması ilə hüseyniyyədə dini mərasimlərin keçirilməsi üçün kifayət qədər yer olmayıb. Bu səbəbdən yerli sakinlər burada nisbətən böyük olan Ləj kənd məscidini inşa ediblər.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. http://www.mct.gov.az