Bugün, səfər ayının 28-i (5 oktyabr) Məhəmməd Peyğəmbərin (s) vəfatının ildönümüdür.
Həzrəti Məhəmməddən öncəki Peyğəmbərlər insanları onun dünyaya gəlməsindən agah ediblər. Bu barədə Quranda İsa Peyğəmbərin (ə.s) öz ümmətinə müraciəti yazılıb: “Mən sizi məndən sonra gələcək bir Peyğəmbərlə müjdələyirəm, onun adı Əhməddir”. Allahın Rəsulu dünyaya gəldikdə bir sıra hadisələr baş verib. Həmin gün Kəbədə olan bütlər düşüb, Kəsra eyvanının 14 sütunu sınıb və min illik fars atəşgahı sönüb.
Peyğəmbər (s) 40 yaşında ikən ilk öncə ailəsinə, daha sonra isə insanlara peyğəmbərliyini bəyan edib. Hər bir Peyğəmbərin bir möcüzəsi olduğu kimi İslam Peyğəmbərinin də Quran kitabı olub. Bu kitab Allah tərəfindən ona nazil olan şeir üslubunda ayələrdən ibarətdir.
Peyğəmbərin (s) yaşadığı zəmanədə ərəblər arasında şeir böyük əhəmiyyət kəsb edirdi. İnsanlar Quran ayələrini eşitdikdə təəccüb edirdilər və bunun insan tərəfindən yazılmadığına iman gətirirdilər.
13 il Məkkədə ömür sürüb və oranın əhalisinin əlindən müsibətlərə məruz qalan Peyğəmbər Mədinə şəhərinə köçüb. Həmin gün İslam təqviminin (hicri-qəməri təqvimi) ilk günü olaraq tarixə düşüb. Bugün bu təqvim bir sıra ölkələrin rəsmi təqvimi hesab edilir.
Məhəmməd Peyğəmbər (s) dünyasını hicrətin 11-ci ilində səfər ayının 28-i dəyişib. Bəzi mənbələrdə onun bir qadın tərəfindən zəhərləndirilərək öldürülməsi bildirilir. Həzrəti Məhəmməd başını İmam Əlinin (ə.s) sinəsinə qoyaraq can verib. Onun qüslunu verən və cənazə namazını qılan şəxs də məhz İmam Əli olub. Allahın Rəsulu Mədinə şəhərində, yaşadığı evdə dəfn edilib.İslam Peyğəmbəri (s) “amul fil” (fil ili) ilində Rəbiul-əvvəl ayının 17-də (miladi təqvimi ilə 570-ci il), cümə günü Məkkə şəhərində dünyaya gəlib. O, Ərəbistanın Qureyş qəbiləsinin Bəni-Haşim sülaləsindən olub. Atasının adı Abdullah, anasının adı isə Aminə idi. Peyğəmbərin öz adı Məhəmməd, künyəsi Əbülqasim, ləqəbləri isə Əhməd və Mustafa olub. Allah Rəsulunun adı Quranda beş dəfə çəkilir. Onların dördündə Məhəmməd, birində isə Əhməd olaraq qeyd olunub.