Bugün, səfər ayının 28-i (5 oktyabr) İmam Həsən Müctəbanın (ə.s) şəhadətinin ildönümüdür. Həzrəti Həsən (ə.s) məsum İmamların ikincisidir. İmam Həsən atası İmam Əlinin (ə.s) canişini və İmam Hüseynin (ə.s) böyük qardaşı idi. Həzrətin adı Həsən, künyəsi Abu Muhəmməd, ləqəbi isə Müctəba olub.
Hicrətin 3-cü ilində Mədinə şəhərində İmam Əli (ə.s) və Peyğəmbərin qızı Fatimeyi-Zəhranın (s.ə) ilk övladları dünyaya gəlib. Peyğəmbər uşağın adını Həsən qoyub.
Ömrünün ilk yeddi ilini İmam Həsən Peyğəmbərin xilafəti dövründə keçirib. Peyğəmbər onu çox sevərdi. Rəvayətlərdə qeyd olunub ki, Allahın Rəsulu minbərdən xütbə edərkən nəvəsi Həsənin ağlamaq səsini eşidib. O, xütbəsini saxlayıb uşağın yanına gedib. Onu sakitləşdirdikdən sonra isə moizəyə davam edib. Məhəmməd Peyğəmbər buyurub: “Hər kim məni sevirsə, Həsəni də sevsin”.
Həzrət Əli (ə.s) şəhid olduqdan sonra İmamət Həzrəti Həsənə (ə.s) keçib və o bunu insanara elan edib. Lakin xilafət Muaviyə ibn Abu Sufyan tərəfindən zəbt olunub. O zamanlar xilafətin zəif dövrü olub. Buna görə də xarici qüvəllərin hücumuna məruz qalmamaq üçün İmam Həsən Muaviyə ilə sülh müqaviləsi imzalayıb. Müqavilənin şərtlərindən biri Muaviyədən sonra xilafətin İmama keçməsi olsa da xəlifə hiylə işlədib. O, özündən sonra oğlu Yezidi xəlifə təyin edib.
Hicrətin 50-ci ilində İmam Həsən Müaviyənin əmri ilə zəhərləndirilib. O öz həyat yoldaşı Cüdənin əli ilə şəhadətə çatıb. Həzrətin ömrü 48 il, imamət dövrü isə 10 il sürüb. İmam Həsən Müctəba Mədinə şəhərinin Bəqi qəbiristanlığında dəfn edilib.