Məscid Lənkəran rayonunun Xolmili kəndində yerləşir. İbadət evi 1886-cı ildə yerli ustalar tərəfindən inşa edilib. Məscidin ilk axundu yaxın şərqdə təhsil alan Məmmədəli Xəlilov olub.

Məscidin qarşı tərəfində vaxtilə burada mollalıq etmiş Molla Məhəmmədəlinin qəbri yerləşir. Məzar türbə şəklindədir.

İbadətgah düzbucaq formadadır və qırmızı kərpicdən tikilib. Məscidin döşəməsi kərpicdən, tavanı taxtadan, damı isə kirəmitlə işlənib. İbadət evinin səkkizpilləli iki  piləkəni var. İbadətgahın ağacdan olan iki qapısı və pəncərələri mövcuddur. Pəncərə və qapıların üst hissəsi günbəzvaridir. İbadət evi iki hissədən ibarətdir: qadınlar və kişilər şöbəsi.

Günbəzin hündürlüyü iki metrdir və dördguşəlidir. Guşələr rəngli şüşələrlə işlənib. Məscidin damında azan vermək üçün dördbucaq minarə var. İbadətgahın həyətində olan “Hüseyniyyə” binası 1905-ci ildə inşa edilib.

Xolmili məscidi sovet dövründə fəaliyyətini dayandırıb və 1990-cı ildə bərpa edib.

Lənkəran rayonu Xolmili kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr: 

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. http://www.mct.gov.az