Məscid Lənkəran rayonunun Türkəkəran kəndində, Bağıroba məhəlləsində yerləşir. İbadət evinin bünövrəsi 1990-cı ildə qoyulub. İbadətgah kənd camaatının vəsaiti hesabına tikilib.
İbadətgah düzbucaqlı formadadır və qırmızı kərpicdən tikilib. Məscidin tavanı, taxta ilə üzlənmiş, dörd sütun üzərində dayanıb. İbadətgahın damı qırmızı kirəmitlə örtülüb. Məscidin 3 qapısı və 14 pəncərəsi var.
Əvvəllər bu məscidin yerində köhnə məscid var idi. Bu ibadət evi haqqında Rusiya imperiyasının hərbi dəftərxanasında 1856-1870-ci illərə aid sənədlərdə belə yazılıb: “Türkəkəran kəndi Bakı Quberniyasının Lənkəran qəzasında, qəza mərkəzindən 8 verst aralıda, Zəkəcü çayının sahilində yerləşir. …Kənddə bir məscid var və kənd sakinləri dini inanclarına görə Məhəmmədi dininin şiə təriqətinə mənsubdular”.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.