Məscid Lənkəran rayonunun Şağlaküçə kəndində, Lənkəran-Lerik şose yolunun sağ tərəfində yerləşir. İbadətgah hicri-qəməri təqvimi ilə 1322-ci (1904) ildə inşa edilib.
Rusiya imperiyasının hərbi dəftərxanalarındakı 1856-1870-ci illərə aid sənədlərdə Şağlakücə məscidi haqda belə yazılır: “Şağlakücə kəndi Bakı Quberniyasının Lənkəran qəzasında, qəza mərkəzindən 6 verst aralıda yerləşir… Kənddə bir məscid var və kənd sakinləri məhərrəm aylarında məscidə gəlir, ziyarət edir və orada İmam Hüseyn ehsanı verir”.
Məscid düzbucaq formadadır və kərpicdən tikilib. İbadətgahın damı qırmızı kirəmitlə örtülüb. İbadət evinin iki giriş qapısı var. Qapılar tağvari formadadır və taxtadan düzəldilib. Məscidin tavanı taxtadandır və beş taxta sütun üzərində dayanıb, döşəməsi isə kərpicdəndir. İbadətgahın minbəri taxtadandır və yeddiguşəlidir. Mehrabın sağ tərəfində qadınlar şöbəsi yerləşir. Qadınlar şöbəsi ilə kişilər şöbəsi taxta şəbəkə ilə ayrılıb. İbadət zalında dörd pəncərə qoyulub və onlar rəngli şüşələrlə işlənib.
Sovet dövründə, 1936-1989-cu illərdə məscid fəaliyyət göstərməyib. 1984-cü ildə burada təmir işləri aparılıb. İbadətgahdan 1986-cı illərdən etibarən kitabxana kimi istifadə olunub. 1990-cı ildə ibadətgahda təmir işləri aparılıb və onun fəaliyyəti yenidən bərpa olunub.
Lənkəran rayonu Şağlaküçə kənd məscidi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.