Türbə Naxçıvan şəhərinin mərkəzində, “Əcəmi seyrəngahı”nda yerləşir. Məqbərə 1186-cı ildə inşa olunmuşdur. El arasında “Atabəy türbəsi” adı ilə də tanınır.

Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldəniz 1175-ci ildə vəfat etmiş arvadı Möminə Xatunun xatirəsinə, bu türbənin tikilməsini əmr etmişdir. Ancaq o, arvadından biraz sonra vəfat etdiyinə görə, bu işi oğlu Atabəy Cahan Pəhləvan başa çatdırmışdır. Məqbərənin memarı Əcəmi Əbu Bəkr oğlu Naxçivani idi. Türbənin sərdabəsində Möminə Xatundan sonra Atabəy Şəmsəddin Eldəniz və oğlu Atabəy Cahan Pəhləvan da dəfn olunublar.

Məqbərə yeraltı sərdabə və yerüstü türbədən ibarətdir. Türbənin sərdabəsi onbucaqlıdır. Hazırda türbənin hündürlüyü 25 metrdir, lakin ilkin halında onun hündürlüyü 35 metrə çatırdı.

Mərkəzdə yerləşmiş sütundan onbucaqlı sərdabə hər küncünə doğru bir tağ salınmışdır. Türbənin tağları boyunca Qurandan iki dəfə “Yasin” surəsi, tağlarının hamısının baş tərəfində isə “Hakimiyyət vahid, qadir Allaha məxsusdur” ayəsi yazılmışdır. Məqbərənin daxilində, bir neçə metr yüksəklikdə olan kitabədə “Ayətəl-kürsü” həkk edilmişdir.

Türbənin günbəz hissəsindəki tağlarında, xalça naxışlarına bənzər divarlarında kitabələr həkk edilib. Onun ən yuxarı hissəsində belə yazı həkk olunub: “Biz gedirik, ancaq qalır ruzigar, biz ölürük, əsər qalır yadigar!”. 

Türbənin daxilində, günbəzin səthində diametri təxminən 1,5 metr olan dörd ədəd dairəvi medalyon vardır. Onların hamısının mərkəzində “Allah” sözü yazılmışdır.

Məqbərə əvvəlki dövrlərə nisbətən həndəsi ornamentlərlə və firuzəyi kaşılarla bəzədilmişdir.

Atabəylər memarlıq kompleksindən indiyə qədər yalnız Möminə Xatun türbəsi salamat qalmışdır.

1823-cü ildə britaniyalı şərqşünas Ulyam Ouseleyin Londonda çap edilmiş “Şərqin müxtəlif ölkələrinə, xüsusilə də İrana səfərlər” kitabında, 1812-ci ildə çəkdiyi Möminə Xatun türbəsinin rəsmini yerləşdirmişdir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Naxçıvan ensiklopediyası. Naxçıvan-2005.
  3. Hacıfəxrəddin Səfərli. Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri. Naxçıvan-2017.
  4. http://imp.nakhchivan.az
  5. https://525.az