İrlandiyalı xristian mütəfəkkir və islamşünas doktor Kris Heuer hər il müsəlmanların Kərbəlaya axın etməsi barədə fikir bildirib. O bunu haqq əhlinin öz əhdini yeniləməsi kimi dəyərləndirib. Bu barədə sentyabrın 29-u shiawaves xəbər verib.
Heuer qeyd edib ki, çox az insanın adı əsrlərlə yaşayır və bu adlardan biri İslam Peyğəmbərinin (s) nəvəsi Hüseynə (ə.s) məxsusdur. Avropalı mütəfəkkir bildirib ki, İmam Hüseyn və qoşunu zülmkarca öldürülsələr də qalib sayılırlar.
“İmam Hüseynin qələbəsi haqq, ədalət və babası Peyğəmbərin (s) gətirdiyi şəriətin qələbəsi idi”, – Hauer deyib. O bildirib ki, əsrlərdir Ərbəin dünyada ən irimiqyaslı ziyarət hesab edilir. Son illərdə Kərbəlaya gələnlərin sayı 20 milyona çatıb.
“İnsanlıq tarixi bir çox fəlakət və bəlanın şahidi olub, lakin Aşura günü tamam başqa idi. Heç kim bilmir İmam Hüseynin (ə.s) qiyamı olmasa idi müsəlmanların başına nə işlər gələrdi”, – xristian islamşünas qeyd edib.
Ərbəin səfər ayının 20-ci günü, yəni Aşuradan 40 gün sonradır. Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn (ə.s) hicrətin 61-ci ilində məhərrəm ayının 10-u şəhid edilib. Onun məzarına ilk ziyarət həmin ilin məhz səfər ayının 20-i baş tutub. Bu səbəbdən hər il milyonlarla zəvvar Kərbəlaya İmam Hüseynin (ə.s) və qardaşı Həzrəti Abbasın (ə.s) hərəmini ziyarət edirlər.