Ziyarətgah Naxçıvan şəhərindən təqribən 12 km aralıqda, Culfa rayonunda, İlandağ ilə Nəhəcir dağı arasındakı mağarada yerləşir. Bu tarixi abidə e.ə. VII əsrə aid olunur.
Quranın Kəhf surəsində Əshabi-Kəhf haqqında məlumat verilib. Ehtimal olunur ki, müqəddəs yazılarda məhz bu ziyarətgah nəzərdə tutulub.
Rəvayətə görə, qədim zamanlarda Dağ Yunis (Dəqyanus) adlı zalım hökmdar yaşayırmış. Onun Təmleyxa adlı bir vəziri var idi. Hökmdarın çox qəddar olmasına görə Təmleyxa ilə birlikdə beş nəfər və “Qıtmır” adlı it sarayı tərk edirlər. Biraz yol gedəndən sonra, onları dərin yuxu aparır. Bir müddət sonra onlar yuxudan ayılırlar. Dükana yollanıb çörək alan zaman başlarına qəribə hadisə gəlir. Çörəyi alan zaman satıcı onlara deyir: “Köhnə pulu verib, məni aldatmaq istəyirsiniz. Bu 300 il əvvəlin puludur. Üstündə Dağ-Yunisin (Dəqyanus) şəkli var”. Bu hadisədən sonra onlar anlayırlar ki, yuxuları 300 il çəkib və Allaha üz tutub, qeyb olmalarını istəyirlər. Allah onların duasını qəbul edir və hər biri qayaya söykəndikləri zaman yox olur. Mağaraya daxil olanlar onların izlərini tapırlar və o zamandan ora ziyarətgaha çevrilir. Britaniya muzeylərinin birində XII əsrə aid “Munisnamə” adlı əlyazmada bu hekayə qeyd olunub.
Başqa rəvayətə görə isə, Həzrəti Əli (ə.s) həmin mağaranı ziyarət edib və orada namaz qılıb. Bu zaman onun atı Düldülün ayaq izi buradakı qayada qalıb.
1998-ci ildə burada abadlıq və bərpa işləri aparılmışdır. Hazırda ziyarətgahın ərazisində “Qonaq Evi” və “Bələdçi otağı” fəaliyyət göstərir.
Mənbələr:
- Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları, Bakı-2005.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Feyruz Bağırov. Nuh yurduna ziyarət. Naxçıvan-2008.
- https://kataloq.gomap.az
- https://azertag.az/xeber