Azərbaycanlı alim 1883-cü ildə Bakının Maştağa kəndində dünyaya gəlib. O, İslamın böyük fəqihlərindən biri olub. Bəzi mənbələrdə alimin adı “Seyyid Mir Hüseyni” kimi təqdim edilsə də, onun oğlunun tərcümeyi-halında ata adı “Seyyid Əbdüləli” kimi qeyd olunub.

O, ibtidai dini təhsilini vətənində yerli hövzələrin alim və ruhanilərindən alıb. Seyyid Hüseyn 26 yaşında ikən atası Seyyid Təhmasib vəfat edib. Atasınının cənazəsini İmam Əlinin (ə.s) hərəmində dəfn etmək üçün gənc tələbə İraqın Nəcəf şəhərinə yollanıb. Elmini kamilləşdirmək məqsədilə orada qalıb və təhsilini oranın hövzəsində davam etdirib.

Seyyid Hüseyn fiqh və üsul fənlərini alim Muhəmməd Kazim Təbatəbai Yəzdidən və Axund Molla Məhəmməd Kazim Xorasanidən öyrənib. Bu elmlərə yiyələnərək o, müctəhidlik dərəcəsinə yüksəlib. Sonralar Mir Hüseyni alim Seyyid Hüseyn Badkubeyinin fəlsəfə dərslərinə qatılıb.

Alimlik sorağı Nəcəfdə yayılan Hüseyni Badkubeyi alim Ağa Seyyid Əbül-Həsən İsfahaninin Fatimə adlı qızı ilə ailə həyatı qurub. Sonralar o, elmi və ictimai işlərdə qayınatasının yardımçısı olub.

Seyyid Mir Hüseyni Badkubei 1940-cı ildə Kazimeyn şəhərində vəfat edib. O, Nəcəfdə, İmam Əlinin (ə.s) hərəmində dəfn edilib. Onun məzarı əsas qapıdan hərəmin həyətinə daxil olarkən sol tərəfdən birinci məqbərədə yerləşir. Həmin otaq ziyarətgahın xəritəsində 26-cı otaq kimi qeyd olunub.

Mənbə: Natiq Rəhimov. Azərbaycanın din alimləri. Bakı-2014.

Şəkil: http://aypara.tv