Sentyabrın 28-i Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri və Azərbaycanda olan dini konfessiyaların rəhbərləri şəhidlərin məzarlarını ziyarət ediblər. Bu barədə QMİ xəbər verib.

Din xadimləri İkinci Fəxri Xiyabanda olan general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, digər əsgər və zabitlərin məzarları önünə gül qoyublar. Şəhidlərin ruhlarına dualar edilib, şərəflərinə Quran oxunub.

Din xadimləri arasında Dağ yəhudiləri dini icmasının rəhbəri, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu, Bakı və Azərbaycan yeparxiyasının nümayəndəsi protoierey iştirak ediblər.

Sentyabrın 27-i Azərbaycanda Anım Günü qeyd olunub. Ölkənin ibadət evlərində şəhidlərin xatirəsi anılıb. Prezident İlham Əliyevin sərəncamı ilə hər il bu gün Vətən şəhidlərinin Anım Günü kimi qeyd olunacaq.