Kompleks Naxçıvan şəhərinin cənubunda, Dəmiryol vağzalının yaxınlığında yerləşir. İmamzadə ziyarətgahı üç binadan ibarətdir. Kоmpleksin əsasını türbə təşkil edir.

Vaxtilə türbənin üzərində kitabə оlmuşdur. Tədqiqatçılar türbənin Səfəvi hökmdarı II Şah Təhmasib hakimiyyəti dövründə (1722-1732-ci illər) inşa olduğunu məhz bu kitabədən məlum ediblər. Kitabədə tikinti tarixi yazılmasa da, orada “Əbu Müzəffər şah Təhmasib Bahadur xanın hakimiyyəti zamanında” sözləri həkk olunmuşdur. Həmçinin kitabədə türbənin Hacı Fulad bəyin оğlu Həzrət Rufai bəyin əmri ilə inşa olunduğu qeyd edilib.

Türbənin içərisində bir qəbir var. “Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri” kitabında qəbirdə səkkizinci İmam Rzanın (ə.s) оğlunun dəfn olunduğu qeyd edilir. “Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası”nda isə qəbrin İmam Rzanın nəvəsi Seyid Səffaya aid olduğu yazılıb.

Kompleksdəki. türbəyə yaxın olan, bina Naxçıvan xanlarının məqbərəsi olmuşdur. Məqbərəyə qərbdən giriş qapısı var idi. Sovet hakimiyyəti qurulanadək, burada Naxçıvan xanları nəslindən olan şəxslər dəfn olunublar.

Kоmpleksdən biraz aralı, şimal tərəfdə kərpiclə inşa edilən, üstü günbəzlə örtülmüş türbə var.

1984-1987-ci illərdə kompleksdən əczaxana kimi istifadə olunub. 1988-ci ildə kompleksdə Fatma Səfəralı qızı adlı şəxsin təşəbbüsü ilə bərpa işləri aparılıb.

İmamzadə kompleksi 2008-ci ildə bərpa olunmuşdur. Hal-hazırda bura ziyarətgah kimi tanınır və dini tədbirlər keçirmək üçün istifadə olunur.

Mənbələr:

  1. http://imp.nakhchivan.az
  2. Hacıfəxrəddin Səfərli. Naxçıvanın Türk-İslam mədəniyyəti abidələri. Naxçıvan-2017.
  3. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.