Türbə Culfa rayonunun Gülüstan kəndindən təxminən 1 km şərqdə, Araz çayının sol sahilində yerləşir. Mənbələrdə türbənin adı “Kəsik günbəz” kimi də qeyd olunur.
Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi dəqiq bilinmir. Məqbərənin üzərində yerləşər tağçaların içərisi naxış və ornamentlərlə bəzədilib. Bu naxış və ornamentlər 1186-cı ildə Naxçıvan şəhərində inşa edilmiş Möminə Xatın türbəsinin ornamentləri ilə oxşardır. Buna əsaslanaraq türbənin XII əsrdə inşa olunması qeyd edilir.
Türk səyyahı Evliyə Çələbinin məlumatlarına əsasən, türbə o zamanlarda simvolik şəkildə inşa olunmuşdur. XV-XVI əsrlərdə burada Teymurilər hökmdarı Hüseyn Baykaranın oğlu Bahadur Şəfad dəfn olunmuşdur.
Türbə qırmızı tufdan və kərpicdən inşa edilib. Məqbərə iki hissədən ibarətdir: alt hissəsi sərdabə, üst hissəsi isə qüllə şəklindədir. Türbənin qeyri-adi cəhəti sərdabənin yerin üstündə olmasıdır. Sərdabənin divarları dörd cərgə düzülmüş daşlardan hörülüb və quruluşca düzgün olmayan çoxbucaq formasındadır. Türbənin aşağı hissəsi yonulmuş daşdan tikilib və xaricdən kəsik piramida, daxildən isə silindirik quruluşa malikdir. Məqbərənin yuxarı hissəsi 12 üzlü qüllədən ibarətdir.
Təbii fəlakətlər nəticəsində türbənin üst örtüyü dağılmışdır. Sovet dövründə burada yerləşən məzar yeri sökülmüş, məzarın üstündəki yazılı daş kitabə itirilmişdir.
Gülüstan türbəsi 2015-ci ildə bərpa olunub.
Mənbələr:
- Hacıfəxrəddin Səfərli. Naxçıvan Türk-İslam mədəniyyəti abidələri. Naxçıvan-2017.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Feyruz Bağırov. Nuh yurduna ziyarət. Naxçıvan-2008.