İmamzadə Culfa rayonunun mərkəzindən 16 km şimalda, Dizə kəndində, Xoşkəri çayının sol sahilində yerləşir. Ziyarətgahın bünövrəsi 1995-ci ildə qoyulub. İmamzadə İbadulla Musa oğlu tərəfindən tikilib.

Dizə kənd İmamzadəsinin mərkəzi hissəsində qəbir yerləşir. Qəbrin üstü mərmərlə işlənib. Sinədaşında “Fatihə” surəsi həkk edilib. Ondan aşağıda isə “İmamzadə piri, 1995-ci il tarixi” yazılıb. Divarlarda rəngli ərəb əlifbası ilə Quran ayələri var.

İmamzadə səkkizguşəlidir və kərpicdən inşa olunub. Binanın hər bir küncündə bir yardımçı otaq var. Bu yardımçı otaqlara əsas zaldan giriş qapısı qoyulub. Zalın döşəməsi daş plitələrlə işlənib. Tavan dörd sütun üzərində dayanıb.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Feyruz Bağırov. Nuh yurduna ziyarət. Naxçıvan-2008.