Pir Ordubad rayonunun Nüs-nüs kəndində yerləşir. Ziyarətgahdakı taxta qapının üstündə bu sözlər yazılıb: “Bu məscid İslam padşahı Əbu Səid Bahadur xanın səltənəti günlərində uca Tanrıya möhtac olan zəif qul və katib Rəziullah ibn Sədr ibn Arslan ibn Səncər ibn Atabəyin qoruyucusu Aytəkinin əli ilə tikilib. 726-cı il (miladi tarixi ilə 1325-26)”. Pir, həmçinin “Qırx kimsə” və ya “Çeheltən” adı ilə tanınıb.

Kənd əhalisi bu piri monqolların hakimi Hülakü xanın zülmündən qaçmış 40 nəfərin öldürüldüyü yer hesab edir. Rəvayətə görə, yerli əhali, 40 nəfəri təqib edən adamlara “nist” (yoxdur) cavabını vermiş, bundan da kəndin adı yaranmışdır.

Pirin qoz ağacından hazırlanmış bir giriş qapısı var. Binanın ortasında hündürlüyü 5 metr olan sütun var. Rəvayətə görə, 40 nəfəri təqib edənlər sütunu bir neçə dəfə dağıtmış, lakin o, yenidən qalxmışdır. İnsanlar buranı bu sütuna görə ziyarət edir.

Binanın birinci mərtəbəsində pir, ikinci mərtəbəsində isə məscid yerləşir. Məscid iki hissədən- kişilər və qadınlar şöbəsindən ibarətdir. İkinci mərtəbənin yuxarı tərəfində altı gözlük (balaca pəncərə), aşağı tərəfində isə yeddi pəncərə qoyulub. Məscidin divarlarında ərəb dilində Quran ayələri yazılıb.

Müxtəlif yerlərdən ziyarətgaha gələn adamlar, burada qurban kəsir, ehsan verirlər. Verilən nəzirlərin sayəsində pir təmir olunur, ehtiyacı olan ailələrə yardım edilir.

İbadət evi, müxtəlif zamanlarda, zəlzələdən sonra dəfələrlə təmir edilərək əvvəlki vəziyyətinə salınmışdır. Pir-məscid 1992-1993-cü illərdə bərpa olunmuşdur.

Mənbələr:

  1. Hacıfəxrəddin Səfərli. Naxçıvan Türk-İslam mədəniyyəti abidələri. Naxçıvan-2017.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. Feyruz Bağırov. Nuh yurduna ziyarət. Naxçıvan-2008.