Türbə Naxçıvan şəhərinin cənubunda, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ərazisində yerləşir. Abidənin inşası VIII-XII əsrlərə aid edilir. Rəvayətə görə, Nuh Peyhəmbərin (ə.s) və zövcəsinin qəbirləri burada yerləşir.
Əfsanəyə görə, Nuh Peyğəmbər (ə.s) yer üzünü su basacağı barədə Tanrıdan xəbər alaraq bir gəmi düzəltmiş, öz ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə doldurmuşdur. Nuhun gəmisi Gilançayın yuxarı axarındakı, Gəmiqaya adlı yerdə lövbər salmışdır. Deyilənə görə, gəminin qalıqları indi də buradakı “Ayı çuxuru” adlı yerdə qalmaqdadır.
Orta əsrlərdə xalq arasında Nuh Peyğəmbərin (ə.s) məzarı kimi ziyarət edilən yerdə kərpicdən türbə inşa edilmişdir. Sovet dövründə bu ziyarətgah dağıntıya məruz qalmışdır, hətta yeri də unudulmuşdur. 2006-cı ildə aparılan elmi araşdırmalar nəticəsində Nuh Peyğəmbərin (ə.s) məzarüstü türbəsinin yeri təyin olunmuşdur. Arxeoloji qazıntı zamanı burada türbənin özülü, naxış elementləri tapılır, ibadətgah kərpic, kaşı və müxtəlif naxış elementlərindən istifadə olunaraq bərpa edilir.
Türbə səkkizguşəli formada inşa edilib, hündürlüyü isə 15 metrdir. Türbə üç hissədən – sərdabədən, yerüstü məqbərədən və çardaq hissəsindən ibarətdir. Türbənin çardaq hissəsi isə piramida şəklində əlvan metallardan işlənib.
Nuh türbəsi yerli əhəmiyyətli abidə hesab edilir.
Mənbələr:
- Hacıfəxrəddin Səfərli. Naxçıvan Türk-İslam mədəniyyəti abidələri. Naxçıvan-2017.
- Naxçıvan Turizm İnformasiya Mərkəzi – Dini turizm obyektləri (nakhchivan.az)
- Feyruz Bağırov. Nuh yurduna ziyarət. Naxçıvan-2008.