27 sentyabr tarixində İranın Məşhəd şəhərində, İmam Rzanın (ə.s) hərəmində Ərbəin günü Azərbaycan şəhidləri anılıb. Bu barədə İQNA xəbər verib.

Məlumata görə, mərasimdə Məşhəddə təhsil alan azərbaycanlı tələbələr, həmçinin İmam Rza (ə.s) hərəminin idarə heyətinin nümayəndələri və digər dövlət rəsmiləri iştirak ediblər.

Kərbəla və Azərbaycan şəhidlərinin adına xeymə qurulub. Azərbaycanlılar iranlı və xarici zəvvarlara Vətən müharibəsinin şəhidləri barədə məlumat veriblər. Həmçinin şəhidlərin adından ehsanlar paylanıb, onların ruhuna dualar və mərsiyələr oxunub. Müharibənin qaziləri üçün Allahdan şəfa dilənib.

Bundan əvvəl, 18 sentyabr tarixində Ərbəin ziyarətinə yola düşən ilk azərbaycanlı zəvvar qrupu Nəcəf-Kərbəla yolunda şəhidlərin şəkillərini daşıyaraq, onların adından ehsan paylayıblar.