Məscid Cəlilabad şəhərinin mərkəzində, Heydər Əliyev prospekti 199-da yerləşir. İbadətgah 1916-cı ildə yerli sakinlər tərəfindən inşa edilib.

İbadət evinin hazırkı ərazisi Çar Rusiyasının valisi Anukiyevdən qızıl müqabilində alınıb və burada məscid tikilib.

Məscidinin binası qırmızı kərpicdən inşa edilib. İbadət evin 17 metr hündürlüyündə bir minarəsi var. Burada eyni zamanda 856 nəfər ibadət edə bilər. İbadət evinin həyəti hasar ilə əhatə olunub. Giriş qapısı ilə üzbəüz 3 metr hündürlüyü olan mehrab yerləşir. Məsciddə həm qadınlar, həm də kişilər üçün ibadət zalı var. Qadınlar şöbəsi iki mərtəbədən ibarətdir.

Sovet dövründə məscid anbar, kino, idman zalı kimi istifadə olunub.

1988-ci ildə məscid yararsız vəziyyətdə olduğuna görə burada yenidənqurma işləri aparılıb. İbadət evinin bərpası yerli sakinlərin və dövlət qurumların dəstəyi ilə həyata keçirilib.

Məscid yerli əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  3. https://525.az