Pir Ordubad şəhərindəki qəbiristanlığın şimal hissəsində yerləşir. Ziyarətgahda olan kitabədə fars dilində qeyd olunub: “Allahın rəğbətini qazanmaq məqsədilə bu şərəfli və mübarək bina, Cəmadi-ül-axir ayının ikisində, mərhum, rizvanməkan Hacı Ağacan Ordubadinin oğlu, yaranmışların ən kiçiyi Hacı Zeynəlabdinin səyi və təşəbbüsü ilə 1264-cü ildə (1848-ci ildə) tamamlanmışdır”.

Ziyarətgahın binasının böyük hissəsi təbii qayaya çapılmışdır. Ancaq baş fasaddan bir hissəsi bina olmuşdur.

Pirdə əvvəllər yerli camaat ölən şəxslərin meyidlərini yuyardı və, lazım gəldikdə, müvəqqəti olaraq tabutu orada saxlayardı. Ziyarətə gələnlər burada şam yandırıb ölənlərinə Allahdan rəhmət duaları oxuyar, gətirdikləri halvanı ehsan kimi paylayardılar.

Pirin yaxınlığında içməli su çəkilmiş, ziyarətçilər üçün məişət avadanlıqları qoyulmuşdur.

Mənbələr:

  1. Feyruz Bağırov. Nuh yurduna ziyarət. Naxçıvan-2008.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.