680-ci ildə Kərbəla döyüşləri zamanı Peyğəmbərin nəvəsi İmam Hüseyn ibn Əlini (ə.s) qətlə yetiriblər. Həzrətin şəhadəti İslamın şiə məzhəbinin formalaşmasında dönüş nöqtəsi olub. İmamın qətli ilə əlaqədar saxlanılan matəm məhərrəm ayının birinci günündən başlayır və 40 gündən sonra Ərbəin günündə sona çatır. İmam Hüseyn (ə.s) İraqın Kərbəla şəhərində dəfn edilib.
Bu il Ərbəin günü sentyabrın 27-nə təsadüf edir. Hazırda minlərlə insan İmam Hüseynin (ə.s) müqəddəs hərəmini ziyarət edir.
Artıq iki ildir ki, koronavirusa görə İraq höküməti ölkənin Kərbəlada keçirilən Ərbəin məclisinin keçirilməsinə məhdudiyyətlər tətbiq edir. Yerli hökümət Ərbəinə yalnız 80 min xarici zəvvarın ziyarətinə icazə verib. Onlardan 60 mini İran, 20 mini isə digər ölkə zəvvarlarına aiddir.
Koronavirusdan əvvəl, 2019-cu ildə Ərbəin günündə Kərbəla şəhərinə daxil olan zəvvarların sayı 21 milyona çatıb.
Ərbəin günü İmam Hüseyni (ə.s) yaxından ziyarət etmək müstəhhəbdir (bəyənilən əməldir). Lakin bu il koronavirusla əlaqədar milyonlarla insan Həzrətin ziyarətinə gedə bilməyib. Buna baxmayaraq, alimlərin fikrincə, İmamın Ərbəin ziyarətnaməsini oxumaqla savaba çatmaq mümkündür. İmam Hüseynin ziyarətlərindən ən çox təkid olunanı “Ərbəin ziyarəti”dir. Hədislərdə Ərbəin ziyarətini oxumaq möminin əlamətlərindən biri kimi qeyd olunur.