Bugün, sentyabrın 27-i Ərbəin günüdür. Ərbəin günü İmam Hüseynin (ə.s) şəhadətə çatmasının 40-cı günüdür.

Azərbaycanda sentyabrın 26-sı, Ərbəin gecəsi məscidlərdə əza məclisləri təşkil olunub. İbadətgahlarda xütbələr oxunub, ehsanlar verilib. Bu məclislərin bugün də keçirilməsi planlaşdırılır.

Ərbəin günü İraqın Kərbəla şəhərində, İmam Hüseynin (ə.s) hərəmi önündə minlərlə insan Həzrəti ziyarət edib, ona başsağlığı verməyə toplaşıb. Dünyanın müxtəlif ölkələrində matəm yürüşləri keçirilir, Kərbəla şəhidlərinin xatirəsi anılır.

Ərbəin günü İmam Hüseyni (ə.s) yaxından ziyarət etmək müstəhhəbdir (bəyənilən əməldir). Lakin bu il koronavirusla əlaqədar milyonlarla insan Həzrətin ziyarətinə gedə bilməyib. Buna baxmayaraq, alimlərin fikrincə, İmamın Ərbəin ziyarətnaməsini oxumaqla savaba çatmaq mümkündür. İmam Hüseynin ziyarətlərindən ən çox təkid olunanı “Ərbəin ziyarəti”-dir. Hədislərdə Ərbəin ziyarətini oxumaq möminin əlamətlərindən biri kimi qeyd olunur.

İmam Həsən Əskəri (ə.s) mömin şəxsin beş əlaməti olduğunu buyurmuşdur:

Möminin beş əlaməti vardır:

  1. Hər gün əlli bir rükət (on yeddi rükət vacib və otuz dörd rükət nafilə) namaz qılmaq
  2. “Ərbəin” günü İmam Hüseyni (ə.s) ziyarət etmək
  3. Səcdədə alını torpağa qoymaq
  4. (Namazda) “Bismillahir-Rəhmanir-Rəhim”i ucadan demək
  5. Sağ ələ üzük taxmaq

Bu il Ərəbin günü Azərbaycanın Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə eyni günə təsədüf edir. Bugün ölkənin ibadət evlərində Ərbəin günü ilə bərəbər Vətən müharibəsi şəhidləri də anılır. Hazırda məscidlərdə şəhidlərə dualar oxunur, Allahdan ailələrinə səbr dilənir. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Təzəpir məscidində canlı yayımda çıxış edib.