Ziyarətgah Beyləqan rayonunda, şəhərin mərkəzindən 3-4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşir. Burada Həzrət Cərcis Peyğəmbər (ə.s) dəfn olunmuşdur. Uzun müddət türbənin çöl fasad rəngi sarı olduğu üçün el arasında “Sarı peyğəmbər” kimi məşhurlaşıb. Ziyarətgah hicri-qəməri tarixi ilə 1328-ci ildə (1905) təbrizli usta Həsən tərəfindən tikilmişdir.

Türbənin mərkəzində zəncir asılıb. Bunun səbəbi ilə bağlı dəqiq məlumat yoxdur. Deyilənə görə, Həzrət Cərcis (ə.s) bu zəncirlə quyudan su çıxarıb. Digər bir mənbədə bildirilir ki, türbənin tikintisi zaman tarazlığı qorumaq üçün bu zəncirdən istifadə olunub. Başqa bir məlumata əsasən, bu zəncir çırağın asılması üçün istifadə olunub. Lakin ora niyyət tutub, kişilər papaq, qadınlar isə dəsmal atır. Papaq və ya dəsmal atılan zaman zəncir yellənməyə başlayır. Əgər papaq və ya dəsmal zəncir yellənən zaman düşməsə, niyyətin qəbul olunduğunu, düşərsə səbr etməli olduğunu bildirir.

Abidə dairəvi formadır, divarları kərpiclə işlənmişdir. Ziyarətgahın döşəməsi torpaqdır, iç divarları səkkizguşəlidir. Əsas giriş qapısı taxtadandır və içərisində dəhliz yerləşir. Dəhlizin sağ və sol tərəflərindən damın üstünə çıxmaq üçün iki daş pilləkən qoyulmuşdur. Abidənin yuxarı hissəsi günbəz şəklindədir və kərpiclə işlənib. Burada müxtəlif dövrlərdə fərqli formalarda günbəzlər tikilib. Lakin baxımsızlıq, müharibə və zəlzələlər zamanı o günbəzlər dağılıb. Günbəzdə dörd gözlük (balaca pəncərə) vardır və onlar tağvari formadadır. Bundan əlavə, abidənin aşağı qatında daha iki pəncərə qoyulmuşdur.

Rəvayətə görə, sovet dövründə ziyarətgahın sökülməsi üçün bir qrup adam göndərilir. Qrupun rəhbəri olan rus zabitini ilan sancıb öldürür. Dəfələrlə buranı sökmək istəyiblər, amma ilanlar onlara imkan verməyib. Əlacsız qalan rəhbərlik, insanların bura gəlişinin qarşısını almağa istəsə də, buna nail ola bilməyib.

1989-cu və 1997-ci illərdə ziyarətgahda təmir işləri aparılmışdır. Təmir, ocağa daxil olan, nəzir-niyaz hesabına həyata keçirilmişdir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://www.anl.az
  3. https://sputnik.az