İmamzadə Bərdə şəhərinin mərkəzində, Xurşidbanu Natəvan küçəsində yerləşir. Ziyarətgah XIV əsrlərə aid edilir. İmamzadə Azərbaycanda XIV əsrdə tikilən yeganə dörd minarəli məsciddir.

Burada İmam Məhəmməd Baqirin (ə.s) qız nəvəsi İsmayılın qəbri yerləşir. Bərdə əvvəllər ipək yolunun üstündə olduğundan, buradan tacirlər keçiblər. Deyilənə görə, buradan keçən İbrahim adlı bir tacir həmin yeri görüb və təxmini XII əsrdə burada türbə tikib. Daha sonra, 1868-ci ildə bu türbə şuşalı memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən bərpa olunub, genişlədirilib, həmçinin burada dörd minarə inşa edilib. Beləliklə bu türbə, İmamzadə ziyarətgahına çevrilib. Bu səbəbdən, ziyarətgah “Tacir İbrahim” və ya “İbrahim məscidi” adı ilə də tanınıb.

İmamzadə düzbucaqlı formadadır və kərpicdən tikilib. Ziyarətgah dörd minarəsindən ikisinin hündürlüyü 12 metr, digər ikisinin hündürlüyü isə 15 metrdir. İmamzadənin əsas hissəsində qəbir yerləşir, alt hissəsində isə sərdabə (üstü tikili qəbir) var. Ziyarətgahın içərisi dörd tağdan ibarətdir. Pirin günbəzi həmin tağlar üzərində dayanır. Ziyarətgah iki hissəyə ayrılıb: kişilər və qadınlar şöbəsi.

Deyilənlərə əsasən, türbənin yeraltı hissəsində bir neçə otaq olub. Qarabağlılar buranı müqəddəs yer bilib ən nüfuzlu insanları türbənin ətrafında dəfn ediblər. Burada bir neçə qəbir yerləşir. İmamzadə ərazisində Fətəli Şah Qacarın nəvəsi Bəhmən Mirzə, Qarabağ xanlığının və Bərdənin bir sıra nüfuzlu şəxsləri dəfn olunub. Bunu İmamzadə yaxınlığındakı daş və qəbirüstü yazılar sübut edir.

İmamzadə 1974-cü ilədək bağlı qalıb. 1980-ci illərdən bura yenidən ziyarətgaha çevrilib. 1994-cü ildə xeyriyyəçi Vidadi Əli oğlu öz vəsaiti ilə İmamzadədə təmir və bərpa işləri aparıb. Bu zaman dini mərasimlərin keçirilməsi üçün burada iki tikili də inşa olunub.

Bərdə şəhər İmamzadəsi ölkə əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlər ensiklopediyası. Bakı-2001.
  2. Azərbaycanın seçilmiş İslam abidələri. Bakı-2015.
  3. Qısa İslam ensiklopediyası. Bakı-2017.
  4. https://azertag.az
  5. http://kataloq.gomap.az