Sentyabrın 25-i İslamın böyük alimlərindən biri olan Əllamə Həsənzadə Amuli vəfat edib. Mərhum alim 93 il ömür sürüb. Bu barədə İQNA xəbər verib.
Verilən xəbərə görə, mərhum alim ağciyər xəstəliyi səbəbindən dünyasını dəyişib. Sentyabrın 26-ı İranın Amul şəhərində Ayətullah Həsənzadə ilə vida mərasimi keçirilib. Əllamənin vəfatı ilə bağlı Ayətulah əl-Üzma Seyid Əli Xamenei başsağlığı verib və məhrum alimin cənazə namazına başçılıq edib.
“Ayətullah Həsənzadə Amulinin vəfatı xəbərini çox təssüf və kədər hissi ilə aldım. Bu ruhani alim və müxtəlif fənlər üzrə mütəxəssis çox nadir və fəxr ediləcək bir sima idi. Çox az sayda olan onun kimi ruhani alimlər bütün dövrlərdə tanışların gözlərini işıqlandırır, onların elm, mərifət, ağıl və qəlblərini bəhrələndirir”, – Xamenei bildirib.
Əllamə Həsənzadə Amuli 1929-cu ildə İranın Mazandaran əyalətinin Amul bölgəsində, Larican şəhərində dünyaya gəlib. O, altı il Amul şəhərinin Cümə məscidində dini təhsil alıb. Əllamə Amuli 22 yaşında Tehrana yollanıb. Orada o, Ayətullah Mirza Şəərani, Hacı Mirza Qomşei, Mirza Qəzvini, Hacı Şeyx Məhəmmədtəqi Amuli kimi alimlərdən dərs alıb. 1963-cü ildə Həsənzadə Amuli İranın Qum şəhərinə köçüb və orada Əllamə Təbatəbai, Seyid Həsən Təbatəbai və Seyid Qazi Təbatəbaidən elm öyrənib. Həsənzadə Amuli İslam maarifi, hikmət, fəlsəfə, irfan, riyaziyyat, astronomiya, ədəbiyyat, hədis və sair elmlərin sahibi və bu fənlər üzrə kitabların müəllifi olub.