Türbə Astara rayonunda, Pensər kəndinin ərazisində, qəbiristanlıqda yerləşir. Bəzi mənbələrdə bura pir, türbə və məqbərə kimi qeyd olunur. Abidə XIII əsrə aid edilir.

Məqbərə iki otaqdan ibarətdir. Birinci otaqda dini təbliğatçı Seyid Cəmaləddinin məzarı yerləşir. İkinci otaqda isə 1408-1409-cu illərdə vəfat edən sərkərdə Pir Hüseynin qızı Xudavənd xatunun baş daşı yerləşdiyi ehtimal olunur.

Seyid Cəmaləddin Gilan mahalının Malvan kəndində anadan olmuşdur. O, bir vaxtlar Bütəsərə (indiki Pensər kəndi) köçmüş və ömrünün sonuna kimi burada yaşamışdır. Cəmaləddin burada sufizmi (İslam təriqətlərindən biri) təbliğ edirdi. Şeyx Zahid (I Şah İsmayılın ulubabası) onun tələbəsi idi. “Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları” kitabında qeyd olunur ki, Cəmaləddin ağa 12 imamından birinin nəvələrindəndir. Cəmaləddin 44 yaşında 28 noyabr 1253-cü ildə Pensər kəndində vəfat edir və burada dəfn olunur.

Sovet dövründə, 1937-1953-cü illər arasında, məqbərə sökülmüş və yandırılmışdır. Lakin, yerli əhali 1956-cı ildə burada gizli şəkildə təmir işləri aparmışdır. 1985-ci ildə, yararsız vəziyyətə düşmüş bina sökülmüşdür, kərpicdən düzbucaq formada yeni tikili inşa edilmişdir.

Hazırda pir ziyarət üçün açıqdır.

Mənbələr:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Əfqan-Cövhəq Şəfiyev. Azərbaycanın Astara bölgəsində olan inanc yerləri və onların mənşəyi. Bakı-2010.
  3. Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları, seyidləri, övliyaları, Bakı-2005.
  4. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  5. Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-1992.

Astara rayonu Pensər kəndi Seyid Cəmaləddinin piri Astara rayonu Pensər kəndi Seyid Cəmaləddinin piri Astara rayonu Pensər kəndi Seyid Cəmaləddinin piri Astara rayonu Pensər kəndi Seyid Cəmaləddinin piri