Sentyabrın 27-i Azərbaycanda Vətən müharibəsi şəhidlərinin Anım Günü qeyd ediləcək. Bu barədə APA xəbər verib. Anım günü ölkədə fəaliyyət göstərən ibadət evlərində 44 günlük müharibənin şəhidləri yad edilrək onlara dualar oxunacaq. Saat 12:00-da isə şəhidlərin xatirəsi bir dəqiqəlik sükut ilə yad ediləcək. Heydər Əliyev Mərkəzinin binasında və Alov qüllələrində xüsusi işıqlar vasitəsilə Azərbaycan bayrağı əsk olunacaq.

Verilən xəbərə görə, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və yerli İcra hakimiyyətləri ölkədə anımla əlaqədar tədbirlər keçirəcək. Anım mərasimlərinin, həmçinin ölkə xaricində də təşkili planlaşdırılır.

Azərbaycan Respublikası Prezidentinin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Azərbaycanda hər il sentyabrın 27-i Vətən müharibəsi şəhidlərinin Anım Günü kimi qeyd ediləcək.