Məscid Ağdam şəhərinin mərkəzində, A.İbrahimov küçəsində yerləşir. İbadət evi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfi Xan Qarabaği tərəfindən inşa edilib.

İbadətgah kvadrat formadadır və iki mərtəbədən ibarətdir. İbadət evinin kərpicdən ucaldılmış iki minarəsi var. Məscidin mehrabı ibadət zalının cənub divarının ortasında yerləşir. Mehrabın üzərindəki kitabədə ibadətgahın dekor ustası Kərbəlayi Nəqqaş Təbrizinin oğlu Məhəmməd Nəqqaş Təbrizinin adı həkk olunub. Kitabədə həmçinin hicri təqvimi ilə 1331-ci (1913) il qeyd edilib. Bu isə məscidin təmir tarixinə işarə edir. Məscidin günbəzi dörd sütun üzərində dayanıb. İbadət evinin şimal tərəfində iki mərtəbədən ibarət otaqlar yerləşir.

23 iyul 1993-cü il tarixində Ağdam şəhəri ermənilər tərəfindən işğal olunub. Bu dövrdə şəhərin Cümə məscidi erməni vəhşiliyi nəticəsində yararsız vəziyyətə gətirilib. İşğal dövründə ibadətgah donuzxana və ferma kimi istifadə olunub. Lakin 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı üçtərəfli bəyanat nəticəsində Ağdam şəhəri işğaldan azad edilib.

Ağdam şəhəri Cümə məscidi ölkə əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://map.virtualkarabakh.az
  3. http://kataloq.gomap.az
  4. Şəkillər: map.virtualkarabakh.az