Dünyada ilk dəfə beynəlxalq “Əhsən əl-Əza” matəm mərasimi Ümumdünya Əhli Beyt Assambleyası tərəfindən keçiriləcək. Bu barədə assambleyanın saytında xəbər verilib.

Mərasim qeyri-İran auditoriyasına yönələn Əhli Beytin (ə.s) davamçılarının fəaliyyətini tanımaq və onlarla ünsiyyət qurmaq məqsədi ilə təşkil olunacaq. Assambleya İmam Hüseyn (ə.s) üçün təşkil olunan mərasimləri tanıtmaq istəyir.

Hər bir müsəlman öz ölkəsində İmam Hüseyn (ə.s) məclislərində çəkilmiş video və şəkilləri assambleyaya göndərərək mərasimə qoşula bilər. Materiallar səfər ayının sonuna, 7 oktyabr tarixinədək qəbul olunacaq.

Hazırda dünyanın müxtəlif ölkələrində Ərbəin yürüşləri və Kərbəla müsibətinə həsr olunmuş matəm məclisləri keçirilir. Bir sıra şəhərlərdə mərasimlər Ərbəin gününə, sentyabrın 27-dək təşkil olunur.