Səkkizinci İmam, Həzrəti Rza ibn Musanın (ə.s) üç bacısı VIII əsrdə xəlifə Harun ər-Rəşidin və Məmunun xilafəti dövründə Bakıya köçərək burada yaşamışdılar. İmamın bir bacısı Bakının Bilgəh, digəri Bibiheybət kəndində məskunlaşmışdır. Xanım Rəhimə (s.ə) isə Nardaran kəndində, yerli sakin Seyid Yusif ağanın evində yaşamışdır.
Əsl adı Fatimə olan xanım (s.ə) Allahın inayəti ilə xəstələrə şəfa verir və xalq təbabəti ilə dərmanlar hazırlayırdı. O, mülayimliyinə və qayğıkeşliyinə görə, xalq arasında “Rəhimə” (rəhimli) adı ilə tanınırdı.
Rəhimə xanım (s.ə) vəfat etdikdə, onu Nardaran kəndində dəfn etdilər. Kənd sakinləri xanımın məzarı üstündə pir salıb və məscid tikdilər. Həzrəti Rəhimənin körpə qızı da bu ziyarətgahda dəfn edilib.
XIV əsrdə güclü şimal küləkləri nəticəsində ziyarətgah qum altında qalaraq itmişdi. XX əsrin əvvəlində yerli sakin Şeyx Yunis yuxuda qəbrin yerini gördü. Oyanıb həmin yerə gedərək orada qazıntı işlərinə başladı. Nəticədə burada qəbir aşkar olundu.
Ziyarətgah 1994-cü ildə Nardaran sakini Hacı Hafizin rəhbərliyi ilə bərpa olunub. 1998-ci ildə bu məkana 10 hektar torpaq sahəsi ayıraraq ərazisini genişləndirib.
Bugün İmam övladının (s.ə) məzarı böyük bir ibadətgah komleksinə çevrilib. Birinci mərtəbə ziyarətgah, ikinci mərtəbə isə məscid fəaliyyət göstətrir. Məscidin dörd minarəsi var və hər birinin hündürlüyü 41 metr təşkil edir. Günbəzin diametri 17, hündürlüyü isə 13 metrdir. Burada eyni anda 1500-dən çox insan ibadət edə bilər. Kompleksə əlavə olaraq, iki hissədəu ibarət Hüseyniyyə (İmam Hüseynə matəm məclislərinin keçirildiyi yer) də inşa edilib.
Mənbələr:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
- Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-2010.
- DQDK. Azərbaycanın seçilmiş İslam abidələri. Bakı-2015.
- https://president.az/articles
- https://www.youtube.com