Sentyabrın 22-i Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ərdəbilin imam cüməsi Həsən Amilinin çıxışına rəy bildirib. Bu barədə QMİ xəbər verib.
QMİ-in sədri məlumat verib ki, Seyyid Amilinin çıxışı Azərbaycanda təəssüflə qarşılanıb və insanların narazılığına səbəb olub. Paşazadə bu çıxışın Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərdiyini qeyd edib. O, Qarabağ müharibəsinin bitdiyini və Amilinin xütbələrdə bu isiqamətdə çıxış etməyinin vacibliyini deyib.
“Biz dindarlar, yəqin ki şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu kimi sülh və barış niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq”, – deyə QMİ-in sədri bildirib.
Sentyabrın 20-i Ərdəbilin imam cüməsi Həsən Amili Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin keçirilməsi barədə çıxış edib. O, təlimlərə İranın dəvət olunmamasını qeyd edərək, Türkiyə və Azərbaycanın qonşuluq haqqını yerinə yetirmədiyini deyib. Amili Azərbaycan-İran sərhədində SEPAH qüvvələrinin təlim keçirməsini istəyib. Bununla o, İranın gücünü nümayiş etdirmək niyyətində olduğunu bildirib. “Şirin quyruğu ilə oynama!” Ərəblər deyər ki, “öz əndazəsini (hüdud, ölçü) tanıyan öz həddindən çıxmasın“, – Amili deyib.