Bu ziyarətgah Lənkəran rayonunun Girdəni kəndində, Lənkəran-Boradigah şose yolunun üstündə, Girdəni kəndi ərazisindəki qəbiristanlıqda yerləşir. Ocağın adı İmam Həzrəti Əli (ə.s) ilə bağlıdır. Yerli əhali tərəfindən bura “Əli meydon” adlandırılır.
Ziyarətgahın yaranma tarixi haqqında dəqiq məlumat yoxdur. Rəvayətə görə, burada vaxtilə ərəb qoşununun düşərgəsi olmuşdur. Əhali tərəfindən bu gün ocaq hesab olunan ərazi, Həzrəti Əlinin istirahət etdiyi yer olduğunu düşünərək “Əli meydanı” adı altında ziyarətgaha çevirilmişdir. Lakin islam tarixinə əsasən, Həzrəti Əli (ə.s) Ərəbistanda və İraqda yaşamışdır, kənar ölkələrə çıxmamışdır. Ehtimal olunur ki, Əli meydan ocağı da insanların ona olan inam, sevgi və məhəbbətindən yaranmışdır.
Ziyarətgah üzərində Girdəni kənd sakini Rəsmiyyə Bəxtiyar qızı Hüseynovanın şəxsi vəsaiti hesabına 1997-ci ildə türbə inşa etdirilmişdir.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.