Sentyabrın 18-də Bakıda, Park İnn Hotel-də İmam Hüseynin (ə.s) Ərbəin ziyarətinə aid sənədli filmin təqdimatı keçirilib. Bu barədə trend xəbər verib.
“Başqa həyat” adlı sənədli filmi Azərbaycanlı rejissor Elçin Ağazadə çəkib. Filmin prodüseri Orxan Məmmədzadədir. O, eyni zamanda filmdə çəkilərək, Ərbəin ziyarətinin necə keçirildiyini canlı olaraq nümayiş etdirib.
Təqdimat mərasimində din xadimi Hacı Şahin Həsənli, Milli Məclis sədrinin müavini, deputat Arzu Nağıyev və Müdafiə Nazirliyinin nümayəndələri iştirak ediblər. Tədbirdə Hacı Şahin çıxış edərək, 44 günlük müharibədə əldə olunan qələbədə Azərbaycan xalqının dini dəyərlərinin böyük rol oynadığını bildirib. “Bu il Ərbəin günü məhz şəhidlərimizin anım günü – sentyabrın 27-ə təsadüf edir”, – Hacı Şahin deyib.
Tədbirin sonunda Milli Məclisin sədr müavini Adil Əliyev çıxış edib. O, Ərbəin kimi müqəddəs ziyarətgahlarda olanlara qibtə etdiyini deyib. “Mənə bu filmi izləmək çox xoş oldu. Bizim gənc peşakarlardan bu cür filmlər həm cəmiyyətimizə, həmdə xalqımızın milli dəyərlərinə lazımdır”, – sədr müavini qeyd edib. Adil Əliyev Vətən müharibəsində Azərbaycan əsgərinin İmam Hüseynin (ə.s) əmanət buraxdığı şəhidlik zirvəsinə yüksəldiyini bildirib.
Elçin Ağazadə bir sıra dini və sənədli filmlərin rejissoru olub. Bunlar arasında “Səngərdə azan”, “Zamana sığmayan Nəsimi”, “Cənnət ətri” və “Klassik ədəbiyyatımızda imam Hüseyn” kimi filmlər yer alıb.