17 sentyabr tarixində İraqın Nəcəf şəhərinin imam cüməsi Seyid Sədrəddin Qapançi öz çıxışında hökümtdən quru sərhədlərinin açılmasını istəyib. Bu barədə eastnews.org xəbər verib.

Məlumata görə, Seyid Sədrəddin hesab edir ki, hazırda təhlükəsizlik bərpa olunub və İraq milyonlarla zəvvarı qəbul edə bilər. “Quru sərhədlərin bağlanmasının fəlsəfəsi nədir? Təyyarə ilə gəlməyə imkanı çatmayan nə etsin? İran və İraqdan quru sərhədlərinin açılmasını xahiş edirik. Keçirilən məhərrəmlik məclislərinə nəzər salsaq görərik ki,  koronavirus yayılmayıb. Allahın iznilə bu dəfə də xəstəlik yayılmayacaq”, – imam cüməsi deyib.

İraq höküməti 5 sentyabr tarixində Ərbəin ziyarətinə 40 min zəvvarın iştirakına icazə verib. Daha sonra, sentyabrın 9-da ziyarətə gələcək zəvvarların sayı 80 minədək artırılıb.

Ərbəin günü səfər ayının 20-ci günü, yəni aşura günündən 40 gün sonradır. Azərbaycanda Ərbəin günü sentyabrın 27-28-nə təsadüf edir. Peyğəmbərin nəvəsi İmam Hüseyn (ə.s) hicrətin 61-ci ilində məhərrəm ayının 10-u şəhid edilib. Onun məzarına ilk ziyarət həmən ilin məhz səfər ayının 20-si baş verib. Bu səbəbdən hər il milyonlarla zəvvar Kərbəlaya İmam Hüseyn (ə.s) və qardaşı Həzrəti Abbas (ə.s) hərəmlərini ziyarət edirlər.