Hərəm rəhbərliyinin idarəçiliyi ilə könüllülər bölməsi fəaliyyətə başlayıb. Könüllülər səfər ayının 8-dən (sentyabrın 15) Ərbəin mərasimlərinin bitəcəyi günədək hərəmdə xidmət göstərəcək. Bu xidmətlər zəvvarların rahatlığını təmin etmək üçün göstəriləcək. Bu barədə hərəmin rəsmi saytında xəbər verilib.
İmam Hüseynin (ə.s) şəhədənitin 40-cı günü (Ərbəin) dünyanın müxtəlif ölkələrindən İraqa milyonlarla insan səfər edir. Ziyarətçilər ilk öncə Nəcəf şəhərində İmam Əlinin (ə.s) hərəmini ziyarət edir, sonra isə Kərbəlaya yollanırlar. Adətən Nəcəfdən Kərbəlaya gedən yolu zəvvarlar piyada qətt edirlər. Yol boyu onlara yerli sakinlər tərəfindən ehsanlar verilir və ziyarətçilərin yol ehtiyacları təmin olunur.