Məscid Naxçıvan şəhərinin mərkəzində, Sarvanlar məhəlləsində yerləşir. İbadətgah 1999-cu ildə inşa edilmişdir. Bu məscid Heydər Əliyevin və İranın ali dini rəhbəri Ayətulla Xameneyinin 1992-ci ildə imzalanmış razılaşma əsasında tikilmişdir. Xalq arasında “Heydər Məscidi” və “İran Məscidi” kimi tanınır.

Məscidə İranın Maku ostandarı (qubernatoru) tərəfindən beşpilləli minbər hədiyyə olunub. İbadət evinin pəncərələri dəmirdən, qapıları isə taxtadan işlənib. Məscidin əsas zalında çilçıraq asılıb. Bundan başqa, digər otaqlarda da səkkiz kiçik çilçıraq var. Döşəmə mərmərlə işlənib. İbadətgahın dördguşəli qoşa minarəsi var. Kərpiclə hörülən minarələrin hündürlüyü 31 metr təşkil edir. İbadət evinin günbəzinin altında şüşənin içinə 12 İmamın adı və kaşı (keramika, metal və şüşə kimi materiallardan istehsal edilən parça) ilə “Cümə” surəsi yazılıb və ornamentlərlə işlənib.

Məscidin birinci mərtəbəsində yardımçı otaqlar, ikinci mərtəbəsindədə isə kişi və qadınların ibadət salonu yerləşir. Eyni vaxtda burada 1000 nəfərdən artıq adam ibadət edə bilər. Binanın həyətindəki hovuzlarda balıqlar saxlanılır, həyətyanı sahədə isə dekorativ bəzək kolları əkilib. Məscid binası müasir kommunikasiya və istilik sistemi ilə təmin olunmuşdur.

2005-ci ildə burada təmir işləri aparılmışdır.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. Feyruz Bağırov. Nuğ yurduna ziyarət. Naxçıvan-2008.