Sentyabrın 16-dan etibarən Nəcəfdə İmam Əlinin (ə.s) hərəmində Ərbəinlə əlaqədar hazırlıq işləri başlayıb. Hərəmdə zəvvarlar üçün xüsusi ərazi ayrılıb. Bu barədə hərəmin rəsmi saytında xəbər verilib.

Müqəddəs hərəmin Fatimə (s.ə) adlı hissəsində zəvvarlar üçün ibadət yerləri hazırlanıb. Bildirilir ki, hərəmin xüsusi ayrılmış bu hissəsinin tutumu 30 min nəfərdir.

Hərəmin 22 min kvadratmetrlik ərazisi xalçalarla örtülüb və zəvvarların orada yaşaması üçün hər cür şərait yaradılıb. Hərəmdə ziyarətçilərin təmizliyi üçün hamam da istifadəyə veriləcək. Ərazidə, həmçinin təmiz su soyuducuları yerləşdiriləcəyi bildirilib.

Hərəm rəhbərliyinin verdiyi məlumata görə, ziyarətgahın xidmətçiləri 24 saat fasiləsiz xidmət göstərəcək. Gün ərzində zəvvarlar üç dəfə qida ilə təmin olunacaqlar. Hərəmdə tibb işçilərinin də yerləşdiriləcəyi qeyd olunub.

Ərbəin günü İmam Hüseynin (ə.s) şəhadətinin 40-cı günüdür və səfər ayının 20-ə (sentyabrın 27-i) təsadüf edir. Dünyanın müxtəlif yerlərindən müsəlmanlar İraqa axışaraq, İmama matəm saxlayır. İraqa səfər zamanı ənənəvi olaraq Nəcəf şəhərindən Kərbəla şəhərinə piyada yürüş keçirilir.

Şəkillər: imamali.net