Bugün, səfər ayının 8-i Peyğəmbərə (s) ən yaxın səhabələrdən biri olan Salman Farsinin vəfatının il dönümüdür. Salman Farsi İranın İsfahan şəhərində anadan olub. Onun doğum tarixi haqqında dəqiq məlumat yoxdur. Rəvayətlərə görə, Salman 350 il ömür sürüb. O, əvvəllər ətəşpərəst olub, sonra isə məsihi dininə üz tutub.

Salmanın məsihi din müəllimi ölüm yatağında olar ikən ona Mosula gedib, orada yaşayan bir din xadiminə müraciət etməsini tapşırmışdı. Salman ustadının istəyi ilə Mosula getdi, lakin həmin şəxs artıq vəfat etmişdi.

Beləliklə Salman Farsi Rum şəhərinə yola düşdü və bir abid şəxsin tələbəsi oldu. O, abiddən ondan sonra kimə üz tutmağı soruşdu. Ustadı ona İbrahimin (ə.s) dinindən olan sonuncu Peyğəmbərin gəlməsindən xəbər verdi və onun qalacağı yeri dedi. Abid Salmana onun əlamətlərindən danışdı. “O, sədəqə götürməz, amma hədiyyə qəbul edər; onun iki çiyni arasında peyğəmbərlik nişanı var. Onu bu nişanla hökmən tanıyarsan”, – abid dedi.

Bir gün Salman Ərəb karvanına qoşulub yola düşdü. Lakin ərəblər onu yahudilərə qul kimi zorla satdılar. Yeni sahibi də onu digər bir yahudiyə satdı və onlar Mədinə şəhərinə yollandılar. Bir gecə Salman evdən gizlincə çıxdı və Peyğəmbərin qaldığı evi axtarıb tapdı. Həzrətin hüzurunda bir neçə şəxsin olduğunu gördü və hansının Peyğəmbər olduğunu anlamadı. Salman onlara bir qədər azugəsi olduğunu buyurdu və bunun onlar üçün sədəqə olduğunu dedi. Onlardan biri digərlərinə yeməkdən nuş etməyi buyurdu, lakin özü demədi. Səhər Salman azugənin hədiyyə olduğunu dedi və dünən yeməyə toxunmayan şəxs həmin təamdan daddı. Salman onun Peyğəmbər olmasını anladı, lakin tam yəqinlik üçün sonuncu əlaməti görmək istədi.

Bir gün Salman o Həzrəti Bəqi qəbiristanlığında gördü və arxasında dayandı. Həzrət onun niyyətini anlayıb, çiynindən əbanı götürdü. Bu zaman Salman peyğəmbərlik möhürünü gördü və Həzrətin ayaqlarına düşdü. Həmin gün Salman Farsi İslamı qəbul etdi. Müsəlmanlar ona sahibinin qulluğundan azad olmaq üçün yardım edirlər.

Məhəmməd Peyğəmbər (s) Salman barədə buyurub: “Salman biz Əhli Beytdəndir (ə.s)”.

Salman Farsi bir müddət Mədain şəhərinin valisi olub. Hicrətin 35-ci ilində Salman vəfat edib. Onun qüslunu İmam Əli (ə.s) verib.