Məscid Naxçıvan şəhərində, Pirqəmiş məhəlləsində, İ. Məmmədov küçəsində yerləşir.

Pirqəmiş məscidinin yaranma tarixi VIII əsrə aid edilir. Deyilənə görə, Naxçıvanda İslam dinindən öncə İraqdan qələndər (dünyadan əl çəkib, sərsəri həyat keçirən dərviş) gəlib, indiki məscid yerində özünə daxma tikib, tənha ömür sürüb. O, öldükdən sonra, adamlar mərhumun cənazəsini daxmasında böyük saxsı küpədə dəfn ediblər (günahsız insanların cəsədləri Zərdüşt qanunlarına görə, böyük küplərdə torpağa basdırıblar). Atəşpərəst əhali, bayram günlərində qələndərin məzarı yanında tonqal qalayaraq, oranı ziyarətgaha çeviriblər. Əhali arasında buraya “pirqəmiş” ziyarəti deyilirdi.

IX əsrdə Naxçıvan torpaqlarını Ərəb xilafəti zəbt edəndən sonra, onlar İslam dininin təbliğinə başladılar. Pirqəmiş məscidi ərəblər tərəfindən tikilmiş ilk tarixi ziyarətgahdır. Ərəb əmirləri, qələndərin məzarı yanında (məzar 1950-ci ilədək məscidin həyətindəki tut ağacının yanında idi) məscid binası qurublar.

Ərəblərin dövründə məscid gil kərpiclə hörülərək zaman-zaman bərpa olunmuşdur. Məscidin bir qapısı, iki pəncərəsi, mehrabı, minbəri və içəridən dama qalxmaq üçün daşdan hörülmüş pillələri olmuşdur.

Sovet dövründə məscid uçurdulmuşdur. 1965-ci ildə dağılmış məscidin yerində ictimai bina tikmək istəyirldiər. Bu tikinti zamanı, torpaq qazılan yerdən içərisində insan sümükləri olan saxsı küp tapılmışdır. Torpaq altında, həmçinin küfi xətti ilə ərəbcə yazılmış saxsı bardaq içərisində sikkələr də üzə çıxmışdır.

1975-1992-ci illərdə burada hamam binası tikilərək istifadəyə verilib. 1996-cı ildə məhəllə camaatının təklifi ilə xeyriyyəçi A. Kazımovun vəsaiti ilə sökülmüş hamam binasının yerində məhəllə məscidi inşa olunmuşdur. 26 aprel 1998-ci ildə Naxçıvandakı Pirqəmiş məhəllə məscidi fəaliyyətini bərpa etmişdir.

İkimərtəbəli məsciddə eyni vaxtda 500 nəfər ibadət edə bilər. İbadətgahın divarları kərpiclə üzlənib və üzərilərində Quran ayələri yazılmışdır. Məscidin minarəsinin yuxarısında ərəbcə “Allahu Əkbər” sözləri və “1998-ci il” tarixi yazılmışdır.

3 iyun 2010-cu ildə Pirqəmiş məscidi əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilmişdir.

Mənbələr:

  1. Feyruz Bağırov. Nuh yurduna ziyarət. Naxçıvan-2008.
  2. Azərbaycan Respublikasının məscidlərinin ensiklopediyası. Bakı-2001.
  3. http://www.nakhchivan.az
  4. https://kataloq.gomap.az/az