Məscid Naxçıvan Muxtar Respublikasında, Babək rayonunun Nehrəm qəsəbəsində yerləşir. İbadət evi hicri-qəməri təqvimi ilə 1310-cu (1892-1893) ildə tikilib. İnşa tarixi ibadətgahın giriş qapısının üstündə qeyd olunub. Bura, həmçinin Hacı Mehdi məscidi adlanır. Çünki əvvəllər məsciddə Hacı Mehdi adlı şəxs axundluq edib, sonralar isə o, repressiya qurbanı olub.
İbadət evi düzbucaqlı formaya malikdir. İbadətgahın damı şiferlə üzlənib, tava isə 12 sütun üzərində dayanır. Məscidin taxtadan üç giriş qapısı və bir neçə pəncərəsi var. İbadət zalı iki hissəyə ayrılıb: kişilər və qadınlar şöbəsi. Qadınların ibadət otağına giriş məscidin axra tərəfindəndir. Əsas ibadət otağında peşpilləli daş minbər yerləşir.
1990-cı illərdə məsciddə təmir işləri aparılıb.
Mənbə:
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.