Bugün yeddinci İmam Museyi-Kazımın (ə.s) mövludu günüdür. İmam Musa hicrətin 128-ci ilində (745-ci il) səfər ayının 7-i Məkkə və Mədində arasında, Əbva adlı yerdə dünyaya gəlib.
Həzrətin imamət dövrü dörd Abbasi xəlifənin hakimiyyəti zamanına düşmüşdü. Bunlar Mənsur Dəvaniqi, Məhəmməd, Musa və Harun ər-Rəşiddir. Abbasi xəlifələri özlərini zahirən Əhli Beyti (ə.s) sevənlər kimi aparır, onlara hörmət bəslədiyini deyirdilər. Lakin Harun ər-Rəşid camaatın İmama qarşı olan məhəbbətindən narahat idi. O bilirdi ki, insanlar xums və zəkətı (dini vergilər) Əhli Beytə verirdilər. Bu səbəbdən xəlifə Həzrəti Musanı Mədinədən Bəsrəyə göndərib və həbs etdirib.
Bəsrə zindanında İmam öz əxlaqı ilə şəhər valisini elə təsirləndirmişdir ki, o, xəlifənin İmamı öldürmək qərarına qarşı çıxmışdı. Buna görə Həzrəti Bağdada apardılar. Orada da eyni hadisə baş verdi. Yalnız üçüncü dəfə Sind adlı zindan rəhbəri İmamı zəhərləməyə razı oldu və onu şəhadətə çatdırdı.
Həzrəti Musa ibn Cəfər (ə.s) 55 yaşında şəhid edilib. Onu İraqın Kazımeyn şəhərində dəfn ediblər. Bugün İmamın məzarı milyonlarla insanın ziyarət ocağına çevrilib.