Bugün səfər ayının 5-i (13 avqust) Həzrəti Rüqəyyənin (s.ə) şəhadəti günüdür. Tarixdə Həzrəti Rüqəyyənin üç yaşında ikən şəhadətə çatdığı bildirilir.

İmam Hüseynin (ə.s) qızı həzrət Rüqəyyə (s.ə) hicrətin 59-cu ilində Mədinədə dünyaya gəlib. Onun anası Ümmü-İshaqdır. Xanım Rüqəyyə hicrətin 61-ci ilində atası ilə birlikdə Kərbəlaya yollanır. Kərbəla hadisələrindən sonra Əhli Beyt (ə.s) Şam şəhərində əsirliyə düşürlər. Bu zaman atasını itirən Rüqəyyə onu yuxuda görür və ağlamağa başlayır. Ağlamaq səsi xəlifə Yezidi narahat edir və o əmr verir ki uşağı atası ilə görüşdürsünlər. İmam Hüseynin kəsilmiş başını Xanım Rüqəyyənin qarşısına qoyurlar. Atasının kəsik başını görən körpə onu qucaqlayır. Sonra isə qəlbi dözə bilmir və bu onun ölümünə səbəb olur. Xanımı Suriyanın Dəməşq şəhərində dəfn ediblər.