Sentyabrın 12-i Ağdam sakini şəhərin Cümə məscidinin açarını 28 ildən sonra ibadətgaha təhvil verib. Bu barədə APA xəbər verib.

Yerli sakin Barat Bağırov Ağdam şəhər Cümə məscidinin qapısının açarını şəhərin işğalından qabaq özündə saxlayıb. Dünən isə onun oğlu Hamin Bağırov açarları məscidə təhvil verib. Hamin Bağırovun sözlərinə görə, atası işğaldan qabaq 40 il bu məscidin axundu olub. O, 1978-ci ildə bu vəzifəyə təyin olunub və işğal gününədək orada çalışıb.

Hamin Bağırov deyib ki, Ermənilərin hücumu zamanı Ağdam məscidində iki şəhidin meyiti var idi. Atası cənazələri oradan götürüb özü ilə başqa rayona aparıb. Çıxarkən o, ibadət evinin qapısını qıfıllayıb və açarı özü ilə götürüb. Şəhərin işğalından sonra axund, son gününədək Xındırıstan kənd məscidində eyni vəzifədə çalışıb.

Barat Bağırov Ağdamın azad olunmasından bir müddət sonra vəfat edib. “Mən bu gün özümə borc bildim ki, atamın arzusunu yerinə yetirim. Məscidin açarlarını, bir də atamın Quran kitabını gətirmişəm ki, təhvil verim”, – axundun oğlu deyib.

Ağdam şəhərinin Cümə məscidi 1870-ci ildə memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilib. Yerli sakinlərin sözlərinə görə, Ağdam Cümə məscidi Qarabağ müharibəsi zamanı ən çox şəhid qəbul edən məscidlərdən biri olub.