Yardımlı şəhər Cümə məscidi Yardımlı şəhərinin mərkəzində yerləşir. Əvvəllər bu məscidin yerində köhnə bir məscid fəaliyyət göstərib. Köhnə məscid pis vəziyyətdə olduğundan sökülüb və 1991-ci ildə indiki Cümə məscidi tikilib.
Sovet dövründə köhnə məscid bağça və anbar kimi istifadə olunmuşdur. Bu məscid yerli sakinlər Buludxan Abdullayev, Miri Süleymanov və Əliheydər Qədirovun təşəbbüsü ilə tikilmişdir.
İndiki məscidin divarları mişar və çay daşlarından hörülüb. Məscid bir mərtəbədən ibarətdir, damı dəmirdən, tavanı isə taxtadan düzəldilib. Minbəri dördpilləlidir və taxtadandır.
Yardımlı şəhər Cümə məscidinin iki giriş qapısı və üç tağvari pəncərəsi var. Məscidin iki düzbucaqlı minarəsi var. İbadət evinin zalı iki hissəyə bölünüb, kişi və qadın şöbəsi taxta ilə ayrılıb.
Mənbələr:
- Aqşin Mistanlı. Cənub Bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, Bakı-2001.