İranda sentyabr ayının 12-si İmam Hüseynin (ə.s) qızı Xanım Rüqəyyənin (s.ə) şəhədətinin il dönümü ilə əlaqədar matəm mərasimləri keçiriləcək. Bu barədə mehrnews xəbər verib.

Mərasimlərin Məşhəd şəhərində, İmam Rzanın (ə.s) hərəmində keçiriləcəyi bildirilir. Matəm məclisləri həmçinin Şiraz, Qum, Rey və Tehran şəhərlərində də təşkil ediləcək.

Qum şəhərində yerləşən Həzrəti Məsumənin (s.ə) hərəminin nümayəndəsi bildirib ki, məclis bazar günü axşam saat 17:00-da başlanacaq. Tədbirdə Höccətulislam Məhəmməd Səidi Ariya çıxış edəcək. Sonda isə Seyid Bəni Fatimi roizə və mərsiyələr oxuyacaq.

İmam Hüseynin (ə.s) qızı həzrət Rüqəyyə hicrətin 59-cu ilində Mədinədə dünyaya gəlib. Onun anası Ümmü-İshaqdır. Xanım Rüqəyyə hicrətin 61-ci ilində atası ilə birlikdə Kərbəlaya yollanır. Kərbəla hadisələrindən sonra Əhli Beyt (ə.s) Şam şəhərində əsirliyə düşürlər. Bu zaman atasını itirən Rüqəyyə onu yuxuda görür və ağlamağa başlayır. Ağlamaq səsi xəlifə Yezidi narahat edir və o əmr verir ki uşağı atası ilə görüşdürsünlər. İmam Hüseynin (ə.s) kəsilmiş başını Xanım Rüqəyyənin (s.ə) qarşısına qoyurlar. Atasının kəsik başını görən körpə onu qucaqlayır. Sonra isə qəlbi dözə bilmir və bu onun ölümünə səbəb olur. Rəvayətlərə əsasən, Həzrəti Rüqəyyə üç yaşında şəhadətə çatıb. Xanımı Suriyanın Dəməşq şəhərində dəfn ediblər.